Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şəki şəhər şöbəsində ciddi maliyyə pozuntuları aşkar edib. Bu barədə Palatanın məlumatında deyilir.
“Hesablama Palatasının Kollegiyası Şəki şəhər şöbəsi tərəfindən əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi, eyni zamanda, Şəki şəhər İcra Hakimiyyəti başçısının Şəki kəndindəki nümayəndəliyi tərəfindən bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək hüquqi əsası olmayan və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulması ehtimalını nəzərə alaraq müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib”, - deyə məlumatda qeyd olunur.
Kollegiya həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələrini də təsdiq edib.*
A.Əzizov