Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakıdakı ofisinin yeni rəhbəri İvana Duarte 2016-cı il oktyabrın 15-dən fəaliyyətə başlayacaq. Bu barədə bankın məlumatında deyilir.
İ.Duarte bu postda Nil Makkeyni əvəz edəcək.
"İ.Duarte oktyabrın 15-də AYİB-in Azərbaycandakı ofisinin rəhbəri kimi vəzifəsinin icrasına başlayacaq", - deyə məlumatda qeyd olunur.
AYİB-in Cənubi Qafqaz, Moldova və Belarus üzrə direktoru Bruno Balvanera bu həftə İ.Duarteni Azərbaycan hökumətinə təqdim edib. AYİB nümayəndə heyəti iqtisadiyyat naziri Şahin Mustafayev, maliyyə naziri Samir Şərifov, baş nazirin müavini Abid Şərifov, eləcə də diplomatik dairələrin və özəl sektorun təmsilçiləri ilə görüşüb.
"AYİB-in Bakıdakı nümayəndəliyinin rəhbəri olmaq mənim üçün böyük şərəfdir. Azərbaycan regionda çox önəmli mövqeyə malik bir ölkədir və biz ölkə iqtisadiyyatının və investorların ehtiyaclarının təmin edilməsi üçün xidmətlərimizin təklif edilməsi istiqamətində işimizi davam etdirəcəyik. AYİB-in Bakıda güclü komandası var və ölkə iqtisadiyyatına və özəl sektorun inkişafına dəstəyi davam etdirmək öhdəliyinə malikdir", - deyə məlumatda İ.Duarteyə istinadən bildirilir.
İ.Duarte 2004-cü ildən AYİB-də çalışır.*
A.Əzizov