2016-cı ilin yanvar-iyul aylarında SOCAR (ARDNŞ) svop əməliyyatı çərçivəsində İrana 145 mln. kubmetr qaz tədarük edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Naxçıvan Muxtar Respublikasının tələbatını ödəmək üçün yanvar-iyul aylarında İrana svop əməliyyatı çərçivəsində 145 mln. kubmetr qaz nəql edilib. Bu həcmin 139 mln. kubmetri muxtar respublikaya daxil olub”, - deyə şirkətdən bildiriblər.
2015-ci ildə Naxçıvan Muxtar Respublikasının tələbatını ödəmək üçün İrana svop əməliyyatı çərçivəsində 287 mln. kubmetr qaz tədarük olunub. Bunun 267 mln. kubmetri muxtar respublikaya ötürülüb.
Xəbər verildiyi kimi, hazırda muxtar respublikanın tələbatını ödəmək üçün Azərbaycandan İrana svop əməliyyatı çərçivəsində sutkada 1,3 mln. kubmetr qaz nəql edilir. Naxçıvan MR-in Azərbaycanın əsas ərazisi ilə ümumi sərhədi yoxdur və İran, Ermənistan və Türkiyə ilə həmsərhəddir. Hazırda Naxçıvana qaz tədarükü İrana Astara-Qazıməmməd magistral qaz kəməri vasitəsilə həyata keçirilir. **
N.Abbasova