Ali Məhkəmə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayəti üzrə keçirilən iclasda şikayəti təmin etməyib . Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Xəbər verildiyi kimi, MTRŞ 2016-cı il iyulun 18-də Türkiyədə baş verən hadisələri işıqlandırdığına görə ANS telekanalının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib. MTRŞ Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun müraciətini rəhbər tutaraq “ANS Müstəqil Yayım və Media” Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixindən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.
MRTŞ-nin qiymətləndirmələrinə əsasən, hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb.
ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətulla Güləndən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ANS telekanalı terrorizmin təbliği istiqamətində fəaliyyətini davam etdirib, Türkiyə hakimiyyətinin vəziyyətin sabitləşdirilməsi istiqamətində atdığı addımları hədəfə götürüb, yüzlərlə insanın qətlə yetirilməsinə səbəb olan qəddar cinayətə bəraət qazandırmağa çalışıb və nəticə etibarilə qardaş ölkədə vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb.
Bakı Apellyasiya Məhkəməsiiyulun 29-da keçirilən iclasında ANS telekanalının lisenziyasının ləğv olunması barədə qərar qəbul edib.*
R.Babayev