Azərbaycan Silahlı Qüvvələri düşmənin strateji obyektlərinin məhv edilməsi üçün raket-artilleriya qurğu və sistemlərinə malikdir. Bu sözləri müdafiə naziri Zakir Həsənov deyib.
"Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbər heyətinin iştirakı ilə xidməti müşavirə keçirilib. Müşavirədə Silahlı Qüvvələrimiz qarşısında duran tapşırıqlar müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Müşavirədə regionda mövcud olan hərbi-siyasi vəziyyət təhlil edilərək müəyyən edilmiş əsas istiqamətlər üzrə kəşfiyyatın bütün növlərinin gücləndirilməsi ilə düşmən ərazisindəki yeni hədəflərin aşkar olunması, onların əhəmiyyətinin qiymətləndirilməsi və məhvedilmə ardıcıllığının müəyyənləşdirilməsi, Quru Qoşunlarının birlik və birləşmələri, HərbiHava Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, Silahlı Qüvvələrin digər növ və qoşun qisimlərinin qarşılıqlı əlaqədə fəaliyyətinin artırılmasına xüsusi diqqət yönəldilib.
Z.Həsənov ölkəmiz üçün yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq düşmənin bütün ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə nəzarətin gücləndirilməsi, zərurət yaranarsa onların əhəmiyyətinə görə dərhal məhv edilməsinə hazır olmaqla bağlı müvafiq tapşırıqlar verib.
“Nazir həmçinin qeyd edib ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir”, - deyə məlumatda bildirilir.*
A.Əzizov