Mingəçevir Sənaye Parkının yaradılmasına 150-200 mln. dollar investisiya qoyulacaq. Bu barədə prezident İlham Əliyev sentyabrın 21-də Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
«Bu sənaye parkında görüləcək işlərin həcmi təqribən 150-200 mln. dollar səviyyəsindədir. Yəni, bu, çox böyük investisiya layihəsidir», - deyə o qeyd edib.
Dövlət başçısının saytında verilən məlumata görə, avadanlığın alınmasına 150 mln. və inşaat işlərinə 60 mln. dollar sərmayə qoyulacaq.
«Sənaye Parkının nəzdində 9 fabrik inşa edilib istifadəyə veriləcək. Bu fabriklərdə işləyənlərin sayı 5-6 minə çatacaq», - deyə İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, bununla da Mingəçevir Cənubi Qafqazın yüngül sənaye mərkəzlərindən birinə çevrilə bilər. Sənaye Parkının nəzdindəki müəssisələrdə pambıq iplik, akril iplik, yun iplik, dəri məmulatları, ayaqqabı istehsal olunacaq. Bu müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq.*
A.Axundov