Ermənistan Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları pozmaq məqsədilə təxribatlar törətməyə davam edir. Bu barədə xarici işlər naziriElmar Məmmədyarov bəyan edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov Nyu-Yokda BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zanier ilə görüşüb.
“Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, Azərbaycanın mövcud status-kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazır olduğunu deyən E.Məmmədyarov Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü vurğulayıb. Nazir bəyan edib ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır”, - deyə məlumatda deyilir.
Görüşdə E.Məmmədyarov və L.Zanier Azərbaycan və ATƏT arasında praktiki əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğulayıblar. “E.Məmmədyarov bu xüsusda nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi kimi sahələrdə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsinin faydalı ola biləcəyini nəzərə çatdırıb”, - deyə məlumatda qeyd olunur. **
A.Əzizov