Azərbaycan 13-14 oktyabr tarixlərində BMT-nin müvafiq bölmələri ilə birlikdə Boliviyada keçiriləcək İnkişaf etməkdə olan dənizə çıxışı olmayan ölkələrin davamlı nəqliyyat imkanlarına dair yüksək səviyyəli konfransda iştiraka dəvət edilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində BMT Baş katibinin müavini və Dənizə çıxışı olmayan və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə xüsusi nümayəndə Gyan Çandra Açarya ilə görüşüb.
Görüşdə G.Ç.Açarya Azərbaycanı BMT-nin Bolividada keçiriləcək yüksək səviyyəli konfransına dəvət edib.
E.Məmmədyarov Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirildiyini qeyd edərək hazırda ölkədə BMT-nin müəyyən etdiyi davamlı inkişaf gündəliyinin icrası, şaxələndirilmiş, rəqabətə davamlı, texnologiya və elm tutumlu iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin icra olunduğu barədə məlumat verdi.
Nazirin sözlərinə görə, Azərbaycan Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin Vyana Fəaliyyət proqramına xüsusi əhəmiyyət verir və yaxından iştirakı və dəstəyi ilə həyata keçirilən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin regional inkişafa və inteqrasiyaya xidmət edir.
E.Məmmədyarov Azərbaycanın davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi prosesində dövlət orqanların göstərdikləri xidmətlər, vergi və gömrük sistemində vahid pəncərə sisteminin yaradılması sahəsində öz təcrübəsini BMT-nin xətti ilə digər dənizə çıxışı olmayan ölkələrlə bölüşməyə hazır olduğunu dedi. **
R.Babayev