Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəyə görə Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edilib.
"Bakı və Ankaranı yüksək səviyyəli strateji əməkdaşlıq birləşdirir. Azərbaycan və Türkiyə arasında münasibətlər o qədər yaxındır ki, bu, başqa dövlətlər üçün örnək ola bilər", - deyə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bu gün türkiyəli diplomatla görüşdə bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bütün məsələlərdə bir-birini hər zaman dəstəkləyir və ümumi düşmənlərə qarşı birlikdə mübarizə aparır.
"Azərbaycan və Türkiyə bir-birinə yaxın dövlətlərdir. Azərbaycan mətbuatı bu ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı hadisələri obyektiv şəkildə işıqlandırıb, qardaş ölkənin Konstitusiya quruluşunu və demokratik yolla seçilmiş rəhbərliyi dəstəkləyib", - deyə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli qeyd edib.*
R.Babayev