Türkiyə-Ermənistan sərhədi Azərbaycan torpaqları işğaldan azad edilənə qədər bağlı qalacaq. Belə bəyanatla Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun çıxış edib.
"Türkiyə heç vaxt Azərbaycanın maraqlarına zidd olan və ikitərəfli münasibətlərimizə xələl gətirə bilən heç bir addım atmayacaq", - deyə o, bu gün Mətbuat Şurasında keçirilən görüşdə bildirib.
Səfir Azərbaycanın Türkiyəyə dəstək göstərəcəyindən əminlik ifadə edib. "Mən Azərbaycana son dərəcə etibar edirəm. Əminəm ki, Azərbaycan heç vaxt bizi pis vəziyyətdə qoymayacaq. Mənə Türkiyə-Ermənistan sərhədinin açılması mümkünlüyü barədə tez-tez sual verirdilər. Və mən hər zaman olduğu kimi, indi də bildirirəm ki, nə qədər ki, Azərbaycan əraziləri işğal altındadır, biz Ermənistanla sərhədləri açmayacağıq", - deyə diplomat vurğulayıb.
O, hər iki xalqı və dövləti bir-birinə bağlayan səmimi sevgi və dostluğu Türkiyə-Azərbaycan münasibətlərinin ən böyük sərvəti adlandırıb.
"Biz Türkiyə və Azərbaycan xalqlarını səmimi sevgi hissinin birləşdirməsindən qürur duyuruq. Bu, bizim ən böyük sərvətimizdir. Və əgər kimsə bizim maraqlarımıza zərbə vurmaq istəsə, biz bu cəhdlərə qarşı birgə mübarizə aparmalıyıq. Münasibətlərdə səmimiyyət bizim ən etibarlı gücümüzdür", - deyə İ.A.Coşkun vurğulayıb.
Qeyd edək ki, İ.A.Coşkunun Azərbaycandakı diplomatik missiyası başa çatır.*
R.Babayev