Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların sürətləndirilməsi məsələsini müzakirə edib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
“E.Məmmədyarov Nyu-Yorkda BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andrio ilə sülh prosesinin sürətləndirilməsi və danışıqlarda əsaslı nəticələrin əldə olunması ətrafında müzakirələr aparıblar”, - deyə məlumatda deyilir.
Nazir Ermənistanın son təxribat əməllərinin, o cümlədən Azərbaycanın işğal olunmuş Ağdam rayonunda həyata keçirdiyi canlı atəş hazırlığı məşq və təlimlərinin danışıqlar prosesini pozmaq məqsədi daşıdığını bildirdi. **
A.Əzizov