Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev 27-30 sentyabrda Bakıda keçiriləcək 2-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi(“ADEX-2016”) iştirakçılarının coğrafiyasının geniş olduğunu qeyd edir.
““ADEX-2016” beynəlxalq sərgisi çox geniş coğrafiyaya malikdir. Sərgidə 34 ölkədən 216 şirkət iştirak edəcək", - deyə o, bu gün sərgiyə həsr edilmiş mətbuat konfransında bildirib.
Nazir müavininin sözlərinə görə, “ADEX-2016” sərgisinə 19 ölkədən 25 nümayəndə heyəti qatılacaq. "Sərgidə 44 ölkədən şirkətlər və qurumlar iştirak edəcək", - deyə o qeyd edib.
Y.Musayev tədbirin nüfuzunun artdığını vurğulayıb. "Azərbaycan prezidenti İlham Əliyev 2014-cü ildə keçirilmiş 1-ci ADEX sərgisini ziyarət edib. 2014-cü ildə keçirdiyimiz konfransda bildirdik ki, yalnız inkişaf etmiş dövlətlər müdafiə sənayesi məhsullarının beynəlxalq sərgilərini təşkil edir", - deyə o söyləyib.
Nazir müavini ölkənin müdafiə sənayesinin inkişaf etdiyini deyib. "Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 2006-cı ildə yaradılıb və bu 10 il ərzində bizim müdafiə sənayemiz böyük inkişaf yolu keçib. Bu gün biz müxtəlif ölkələrə öz istehsalımız olan məhsullar ixrac edirik, bizim məhsullarımıza maraq daim artır", - deyə Y.Musayev əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan “ADEX-2016” sərgisində 260 növdən çox müdafiə sənayesi məhsulu təqdim edəcək.*
R.Babayev