Bakı Vyetnama Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğv edilməsini təklif edir.
Azərbaycanın Hanoydakı səfirliyindən verilən məlumata görə, bu təklifi səfir Anar İmanov Vyetnam prezidenti Çan Dai Quangla görüşdə səsləndirib.
"Bundan başqa, səfir Vyetnamın Azərbaycanda səfirliyinin açılmasının iki ölkə arasındakı münasibətlərin inkişafına güclü təkan verəcəyinə və bu məsələnin tezliklə həllini tapacağına ümid etdiyini diqqətə çatıdırıb", - deyə səfirlik qeyd edir.
Çan Dai Quang Azərbaycanla Vyetnam arasında mövcud olan əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyini və möhkəmləndiriləcəyini bildirib. O, həmçinin iki ölkə arasındakı ticarət dövriyyəsinin ildən ilə artdığını da vurğulayıb.
"Görüş zamanı Azərbaycanla Vyetnam arasında siyasi, iqtisadi, ticari, humanitar, enerji, təhsil, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilir.*
R.Babayev