Rəsmi Bakı BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycanla bağlı hesabatını qərəzli və sifariş xarakteri daşıdığını hesab edir.
“Təəssüf ki, M.Forstun məruzəsində balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı “faktlar” araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmayıb. Bütövlükdə, M.Forstun hesabatı Azərbaycan reallığını əks etdirmir, qərəzlidir və sifariş xarakterlidir”, - deyə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “AzərTAc” agentliyinə hesabatı şərh edərkən bildirib.
O qeyd edib ki, hər bir beynəlxalq təşkilatın, xüsusilə də BMT kimi ali qurumun hesabatı müstəqil şəkildə hazırlanmalı, balanslı olmalı, dəqiq və yoxlanılmış faktlara əsaslanmalı, istənilən sahə ilə bağlı həm pozitiv, həm də neqativ məqamlar nəzərə alınmalıdır.
“M.Forst hesabatı hazırlayarkən “Freedom Hause” kimi Azərbaycana qarşı mənfi münasibət bəsləyən xarici QHT-lərin “heabatlarında” əksini tapmış mülahizələri olduğu kimi həmin sənədə köçürüb”, - deyə Ə.Həsənov bildirib. **
R.Babayev