“AS Group İnvestment” Şirkətlər qrupunun analitikləri Bakıda ekonom tipli mənzillərin qiymətində ucuzlaşma gözləyirlər.
“Son 2 ildə ekonom tipli layihələrdə təklifin çoxalması bazarda bu seqmentdə qiymətin enməsinə gətirib çıxaracaq. Təsadüfi deyil ki, bu il bazara girən bütün layihələr məhz ekonom seqmentə hədəflənib”, - deyə qrupun sentyabrda apardığı araşdırmada deyilir.
Qrup qeyd edir ki, 2015-ci ilin sonu, 2016-cı ildə yeni bazara girmiş layihələrin çoxu və bir neçə aktiv layihə bazara təmirli mənzil təklifi ilə çıxmağa başladı.
“Lakin paradoksal hal ondan ibarətdir ki, təmirli və təmirsiz mənzillər arasında qiymət fərqi çox böyükdür: 400 – 500 manat/m2. 2016-cı ilin sonu, 2017-ci ildə bu fərqin azalması, ümumiyyətlə təmirli mənzillərin qiymətinin aşağı düşməsi proqnozlaşdırılır”, - deyə analitiklər proqnoz verirlər.
Onların qiymətləndirmələrinə görə, rəqabət mühitində yeganə çıxış yolu xüsusi konsepsiya ilə komfort və premium seqmentdə bazara çıxmaqdır.
“Eyni hal 2012-2014-cü illərdə ekonom seqmentdə baş vermişdi. Əksər developerlər premium seqmentdə bazara çıxırdı və 2015-ci ilin sonu bazar premium mənzillərdən doymuş hala gəldi və ekonom tipli mənzillərə daha çox tələbat yarandı. Eyni hallın 2016-cı ilin sonuna ekonom seqmentdə də təkrarlanacağı gözlənilir”, - deyə araşdırmada deyilir. **
A.Axundov