“Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Yanğın baş verməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın (ARDNŞ) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.
“Bu gün “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda baş verən insidentlə bağlı yerlıəşdirilən ilk məlumat dəqiq olmayıb. Dəqiqləşdirilmiş məlumatlarımıza əsasən, quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxıb və açıq fontana çevrilib. Lakin yanğın baş verməyib və hazırda da yoxdur”, - deyə N.Quliyev qeyd edib.
Bununla belə, o təsdiq edib ki, “28 May” adına NQÇİ-nin şəxsi heyəti tərəfindən təlimata uyğun texniki təhlükəsizlik tədbirləri görülüb. “Hadisə zamanı özüldə növbədə olan 49 nəfərlik heyətin təhlükəsizliyi tam təmin edilib, xəsarət alan olmayıb”, - deyə o əlavə edib.
SOCAR-ın məlumatına görə, hazırda özüldəki işçilərin təxliyyəsi üçün heç bir əsas yoxdur. Fontana qarşı Hərbiləşdirilmiş İdarənin əməkdaşları tərəfindən alçaq təzyiqli qaz təzahürünün aradan qaldırılması üçün tədbirlər görülür.
“Faktla bağlı araşdırma aparılır, nəticəsi barədə əlavə məlumat veriləcək”, - deyə məlumatda vurğulanır. **
N.Abbasova