Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın müşahidəçiləri Azərbaycanda keçirilən referendumda seçici fəallığının yüksək olduğunu qeyd edirlər.
“Həm Bakıda, həm də Azərbaycanın regionlarında yüksək seçici fəallığı müşahidə edirik. Referendum çox yüksək səviyyədə təşkil olunub. İnsanlar çox müsbət əhval-ruhiyyədə referendumda iştirak edirlər”, - deyə Rusiya Federal Məclisi Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyanın missiyasının rəhbəri İlyas Umaxanov bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “insanlar Azərbaycanın müsbət, qətiyyətli və stabil gələcəyinə kökləniblər”. “Referendumun nəticələri əvvəldən deyə bilmərəm. Lakin müsbət ab-havanı tək biz deyil, bütün müşahidəçilər hiss edib”, - deyə o vurğulayıb.
Öz növbəsində Rusiya Federal Məclisinin komitə sədri Dmitri Azarov qeyd edib ki, Azərbaycan referendumun keçirilməsi ilə bağlı böyük hazırlıq işi aparıb.
“Yüksək seçici fəallığını qeyd edərək, irəli sürülən müddəaların aydın olması üçünyüksək hazırlıq işlərinin aparıldığını vurğulamaq lazımdır. Fikrimizcə, dövlət Azərbaycan vətəndaşının ölkənin gələcəyini müəyyənləşdirəcək vacib qərarla bağlı fikrini ifadə etməsi üçün yaxşı şərait yaradıb”, - deyə D.Azarov bildirib.
İyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi, eləcə də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması təklif olunur.
Təklif olunan digər dəyişikliklərə əsasən dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə elan edə bilər. Prezident vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilmə müddətinin 30 aydan 60 günədək azaldılması təklif olunur.
Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.
Referendumun nəticələri oktyabrın 21-dək elan ediləcək.**
F.İsazadə