2016-cı ilin 9 ayı ərzində manat dollara qarşı 5% ucuzlaşıb. Bu barədə bu gün jurnalistlərə Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov məlumat verib.
«Manatın məzənnəsi ilə bağlı hər hansı proqnoz vermək çətindir. Bir sıra amillər onun formalaşmasına təsir edir.Xüsusilə neftin qiyməti, tədiyyə balansının vəziyyəti və s. amilləri qeyd etmək istərdim. Müəyyən dövr ərzində manatın məzənnəsinə təzyiq güclənmişdir. Lakin biz Maliyyə Sabitliyi Şurası çərçivəsində manatın dayanıqlığını təmin etmək üçün zəruri addım atırıq. Cari ilin 9 ayı ərzində manatın məzənnəsi ilin əvvəli ilə müqayisədə 5% korreksiyaya uğrayıb», - deyə o bildirib.
AMB sədrinin sözlərinə görə, bu gün başlıca məsələ məzənnə yox, məzənnə-inflyasiya cütlüyüdür.
«Bizim başlıca məqsədimiz ikirəqəmli inflyasiyanı aşağı salmaqdır. Yəni, məqsəd həm əhali, həm biznes, həm də dövlət üçün inflyasiyanı məqbul səviyyəyə düşürməkdir», - deyə E.Rüstəmov vurğulayıb.
O əlavə edib ki, hazırda ölkədə inflyasiya 11% səviyyəsindədir.*
A.Axundov