“Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi və SOCAR-ln birgə bəyanatında deyilir.
“Səhər saatlarında yanğın söndürülüb, həmçinin, qaz təzahürünün qarşısı alınıb”, - deyə bəyanatda qeyd olunur.
Bəyanatda vurğulanır ki, FHN və SOCAR rəhbərliyi hadisə yerində olub.
Xəbər verildiyi kimi, sentyabrın 26-da “Azneft” İB-nin “28 May” adına NQÇİ-nin “Günəşli” yatağının 19-cu özülündə 71 saylı quyuda təmir işləri aparılarkən qaz təzahürü meydana çıxmış və açıq fontana çevrilib, saat 18:00 radələrində isə fontanın bağlanması ilə bağlı aparılan işlər zaman qaz təzahürünün ani alışması nəticəsində yanğın hadisəsi baş verib.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri özüldə olan 69 nəfəri “Vixr-5” yanğınsöndürmə gəmisinə təxliyə ediblər.
Faktla bağlı araşdırma aparılır. **
N.Abbasova