Azərbaycan 2016-cı ilin yanvar-iyul aylarında "Şahdəniz" yatağının işlənməsi üzrə “Mərhələ-1” çərçivəsində Türkiyəyə 3 mlrd. 795,92 mln. kubmetr qaz ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,9% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında deyilir.
Cari ilin iyul ayında Azərbaycan bu ölkəyə 541,36 mln. kubmetr qaz ixrac edib. Hesabat ayında boru kəmərləri ilə qaz tədarükünün ümumi həcmində 19,7% Azərbaycan qazının, qalan həcm isə İran və Rusiyadan tədarükün payına düşüb.
Qurumun məlumatına görə, 2015-ci ildə Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac olunub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.*
N.Abbasova