AŞPA müşahidəçiləri referendumun yekunları üzrə səslərin sayılması zamanı pozuntuya yol verilmədiyini qeyd edirlər.
"Səslərin hesablanması zamanı ciddi pozuntular aşkarlanmayıb", - deyə AŞPA-nın sentyabrın 26-da Azərbaycanda keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski bu gün mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, referendumda səsvermə prosesi şəffaf təşkil olunub.
“Biz Azərbaycan xalqını sakit keçən səsvermə günü ilə bağlı təbrik etmək istəyirik. Biz Azərbaycanı AŞPA həmməruzəçiləri ilə əməkdaşlığı davam etdirməyə çağırırıq", - deyə A.Nikoloski əlavə edib.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda 69,7% seçici iştirak edib, 3 mln. 671,707 min nəfər səs verib.
İyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi, eləcə də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması təklif olunur.
Təklif olunan digər dəyişikliklərə əsasən dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə elan edə bilər. Prezident vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilmə müddətinin 30 aydan 60 günədək azaldılması təklif olunur.
Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.
Referendumun nəticələri oktyabrın 21-dək elan ediləcək.*
F.İsazadə