Mərkəzi Seçki Komissiyası (MSK) bülletenlərin demək olar ki, 100%-ni hesablayıb, seçicilərin 84,2%-i prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılmasını dəstəkləyib. Bu barədə MSK sədri Məzahir Pənahov bu gün mətbuat konfransında bildirib.
"Bülletenlər 5,627 min məntəqədən daxil olub”, - deyə o qeyd edib.
MSK sədrinin sözlərinə görə, ilkin məlumata əsasən seçicilərin 84,2%-i prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılmasını dəstəkləyib. Seçicilərin 9%-dən çoxu isə bu dəyişikliklərin əleyhinə olub.
M.Pənahov deyib ki, seçicilərin 84,5%-i Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasına “hə” deyib, 6,5%-i isə əleyhinə olub.
Seçicilərin 88%-i prezidentliyə namizədlərin yaş məhdudiyyətinin aradan qaldırılması təşəbbüsünü dəstəkləyib, 6,8%-i isə buna qarşı olub.
Sentyabrın 26-da Azərbaycanda Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda 69,7% seçici iştirak edib, 3 mln. 671,707 min nəfər səs verib.
İyulun 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsinin rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilməsi barədə sərəncam imzalayıb. Layihədə ölkənin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi, eləcə də prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilədək artırılması təklif olunur.
Təklif olunan digər dəyişikliklərə əsasən dövlət başçısı növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə elan edə bilər. Prezident vaxtından əvvəl vəzifədən getdikdə növbədənkənar seçkilərin keçirilmə müddətinin 30 aydan 60 günədək azaldılması təklif olunur.
Həmçinin Konstitusiyaya Milli Məclisin buraxılması haqqında müddəanın əlavə edilməsi, eləcə də deputat seçilmək üçün yaş həddininn 18-ə endirilməsi təklif olunur. Hazırda Milli Məclisə seçkilərdə yaşı 25-dən az olmayan şəxslər iştirak edə bilərlər.
Referendumun nəticələri oktyabrın 21-dək elan ediləcək.*
A.Əzizov