Balaxanı Sənaye Parkı ərazisində infrastruktur işləri 2017-ci ilin I yarısında başa çatacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
"Gələn ilin I yarısında park ərazisində infrastrukturun yaradılması prosesi başa çatacaq və bütün rezidentlər fəaliyyətə başlayacaq", - deyə nazir bildirib.
Onun sözlərinə görə, hazırda parkda qeydiyyatdan keçmiş 5 rezident 23 mln. manat məbləğində layihələr reallaşdırmağı nəzərdə tutur. Bu layihələrin həyata keçirilməsi çərçivəsində 300 iş yeri yaradılacaq.
Ş.Mustafayev qeyd edib ki, 2016-cı ilin sonunadək Pirallahı Sənaye Parkı ərazisində ilk müəssisələrin tikintisinə başlanılacaq. "Rusiyalı və iranlı tərəfdaşlarla park ərazisində dərman preparatlarının istehsalı sahəsində iki layihə reallaşdırılacaq. Bu layihələrə 90 mln. ABŞ dollarından artıq məbləğdə investisiya qoyuluşları nəzərdə tutulur. Layihələrin həyata keçirilməsi nəticəsində 300-ə yaxın iş yeri yaradılacaq", - deyə o vurğulayıb.
Nazir əlavə edib ki, ötən həftə Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi keçirilib. "Parkda 9 fabrikin yaradılması nəzərdə tutulur, investisiya qoyuluşları 200 mln. ABŞ dollarından çox təşkil edəcək. Bu müəssisələrin yaradılması nəticəsində 5,5 mindən çox insan işlə təmin olunacaq", - deyə Ş.Mustafayev qeyd edib.
Balaxanı Sənaye Parkı Azərbaycan Respublikası prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsis edilib və 2012-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə əsası qoyulub. Parkın yaradılmasında məqsəd təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılması, ölkədə yaşıl biznesin, tullantıların təkrar emalı sənayesinin inkişaf etdirilməsidir. Park 7 hektar ərazidə yerləşir.
Prezident İlham Əliyev 2016-cı il sentyabrın 14-də Pirallahı Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Parkın sahəsi 30 hektar təşkil edir.
Dövlət başçısı 2015-ci ilin fevral ayında Mingəçevir Sənaye Parkının yaradılması haqqında sərəncam imzalayıb. Parkın sahəsi təxminən 15 hektar təşkil edəcək.*
A.Əzizov