İsrailin Yokneam-İlit və Azərbaycanın Qəbələ şəhərləri qardaşlaşacaq. Bu barədə Yokneam-İlitin vitse-meri Roman Peres bəyan edib.
“Yokneam və Qəbələ şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalayacağıq. Bununla əlaqədar notyabrın 6-da Qəbələ İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Yokneama səfər edəcək. 2017-ci ilin yazında bizim nümayəndə heyəti Qəbələyə gedəcək”, - deyə R.Peres Israildə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə bildirib.
Vitse-mer qeyd edib ki, Yokneam turizm sahəsində Qəbələ ilə təcrübə mübadiləsində maraqlıdır. “Qəbələ turizmin çox yaxşı inkişaf etdiyi yerdir. Yokneamda da turizm obyektləri var, biz təbrübəmizlə bölüşmək istəyirik”, - deyə o vurğulayıb.
R.Peres həmçinin məlumat verib ki, Yokneamda yaşayan Azərbaycandan vətəninə qaytarılmış yəhudilər şəhərin ictimai-siyasi həyatında fəal iştirak edirlər. “Çoxlu tədbirlər keçiririk. Bir zamanlar Xocalı soyqırımına həsr olunan səyyar sərgi təşkil etmişik. Bundan başqa, sistematik şəkildə mədəni tədbirlər keçirilir. Misal üçün, Novruz bayramı və s.”, - deyə o bildirib.
Vitse-mer şəhərdə Azərbaycan mədəniyyət mərkəzinin açılışını istisna etməyib.
R.Peresin sözlərinə görə, Yokneamda 25 minə yaxın insan yaşayır. Hazırda daha iki yaşayış massivinin tikintisi aparılır. Burada 5-10 il ərzində daha 10 min nəfər yerləşdiriləcək. **
F.İsazadə