Ermənistan Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı əldə olunmuş razılaşmalara əməl etmir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu sözləri XİN başçısının müavini Xələf Xələfov Avstraliya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Kristof Conla görüşdə deyib.
Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son danışıqlar barədə məlumat verən X.Xələfov, münaqişənin regionda sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu vurğulayıb və münaqişənin həll olunmamasının əsas səbəbi kimi Ermənistanın işğalçı siyasətindən əl çəkməməsi və öz hərbi qüvvələrini işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmamasını göstərib.
O, Ermənistanın aparılmış danışıqlar nəticəsində əldə olunmuş razılaşmalara əməl etmədiyini, beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymadığını qarşı tərəfin diqqətinə çatdırıb.
X.Xələfov Azərbaycanla Avstraliya arasında siyasi və diplomatik münasibətlərin mövcudluğunu, əlaqələrdə pozitiv inkişafın və xeyli irəliləyişin əldə edildiyini və əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd edib. O, siyasi dialoqun, eləcə də iqtisadi və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini bildirib.
Nazir müavini iqtisadiyyatın müxtəlif istiqamətləri, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və turizm sahəsində Avstraliya şirkətlərinin ölkəmizdə iştirakının arzu edilən olduğunu diqqətə çatdırıb. “İki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, eləcə də investisiyaların təşviqi və ikiqat vergidən azad olunmaya dair sazişlərin imzalanmasının hər iki ölkə şirkətlərini daha da həvəsləndirəcək”, - deyə o vurğulayıb. X.Xələfov beynəlxalq təşkilatlar və qlobal forumlar çərçivəsində beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlardan söz açıb, bir çox beynəlxalq məsələlərdə hər iki ölkənin maraqlarının üst-üstə düşdüyünü qeyd edib.
Senator Kristof Con iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çoxsaylı sahələr üzrə geniş potensialın mövcud olduğunu, kənd təsərrüfatı, xüsusən meyvəçilik və tərəvəzçilik sahəsində əməkdaşlıq imkanlarını xüsusi vurğulayıb. O, təhsil sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib, Azərbaycanın turizm imkanlarını yüksək qiymətləndirib və bu sahədə əlaqələrin genişləndirilməsini təqdir edib. Qonaq Azərbaycanın münaqişənin sülh yolu ilə həllində səylərinin Avstraliya tərəfindən dəstəkləndiyini bəyan edib.*
F.İsazadə