SOCAR-ın Kulevidəki (Gürcüstan) neft terminalı 5 və 6 nömrəli rezervuar parkını istismara verib. Bu barədə Gürcüstan mətbuatı xəbər verir.
6 nömrəli rezervuar parkının tikintisinə 2015-ci ildə başlanılıb. Yeni park ümumi həcmi 60 min kubmetr olan 6 rezervuardan ibarətdir. Rezervuarlar ixrac üçün nəzərdə tutulan, eləcə də Xəzər dənizi regionundan idxal olunan müxtəlif növ neft məhsullarının (benzin, nafta, karbohidrogen kondensatı, dizel yanacağı və s.) qəbulu, saxlanması və yüklənməsində istifadə olunacaq.
5 nömrəli rezervuar parkı piroliz məhsulları, izopropil spirti və sənaye yağının emalı üçün ümumi tutumu 12 min kubmetr olan beş rezervuardan ibarətdir. Piroliz məhsulları üçün tutumu 3 min kubmetr olan 3 rezervuar, izopropil spirti üçün tutumu 2 min kubmetr olan 1 rezervuar, sənaye yağı üçün isə 1 rezervuar tikilib.
Terminalda neft və neft məhsullarının dövriyyəsi ildə 1,5 mln. ton həcmində qiymətləndirilir.
Terminalın xam neft, mazut və qazoylun saxlanması üçün istifadə olunan neft bazası ümumi gücü 320 min kubmetr olan 16 sisterndən ibarətdir.
SOCAR Kulevidə neft terminalını 2007-ci ilin yanvar ayında alıb. Onun tikintisi və modernləşməsinə $350 mln.-dan artıq məbləğdə investisiya yatırılıb. Ötürmə gücü illik 10 mln. ton neft və neft məhsulları təşkil edən terminal vasitəsilə bu məhsulların Azərbaycandan dünya bazarlarına nəqli həyata keçirilir.*
N.Abbasova