Bakı Afrika İttifaqı yanında müşahidəçi statusunda təşkilatla və üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında maraqlıdır. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“E.Məmmədyarov Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi ilə görüşdə
Azərbaycanın Afrika ölkələri arasında daha yaxından tanıdılması üçün ardıcıl iş aparıldığını dedi”, - deyə XİN-in mətbuat xidməti məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü olaraq Afrika məsələlərinə xüsusi diqqət ayırıb.
Nazir Bakının 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildiyini və bu statusda da Azərbaycanın davamlı inkişaf məqsədlərinin təşviqinə töhfə verməyə çalışacağını bildirdi.
E.Məmmədyarov Qoşulmama Hərəkatının 2019-cu ildə növbəti sammitinin Azərbaycanda keçiriləcəyini qeyd edib.
Nazir Afrika ölkələrinin mütləq əksəriyyətinin Qoşulmama Hərəkatında təmsil edildiyini və bu platforma əsnasında da qitə ölkələri ilə Azərbaycan arasındakı əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu vurğuladı. **
R.Babayev