“AzRe Təkrarsığortа” şirkəti nizamnamə kapitalını 25% - 50 mln. manatadək artırır Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP)məlumat verilib.
“Nizamnamə kapitalının artırılması səhmlərin nominalının konvertasiyası üsulu ilə həyata keçiriləcək. Səhmlərin nominalı bir qiymətli kağız üçün 20 min manatdan 25 min manatadək artacaq”, - deyə Palatadan qeyd ediblər.
“AzRe Təkrarsığortа” şirkətinin nizamnamə kapitalı 2 min səhmə bölünüb.
Öncə şirkətin İdarə Heyətinin sədri Fuad Quliyevə istinadən məlumat verilib ki, nizamnamə kapitalının 2015-ci ildə əldə edilmiş xalis mənfəətin bir hissəsinin hesabına artırılması planlaşdırılır.
“AzRe Təkrarsığortа”nın 2015-ci il ərzində xalis mənfəəti milli standartlar üzrə 14 mln. 171 min 279,76 manat təşkil edib.
“AzRe Təkrarsığorta” Azərbaycanda fəaliyyət göstərən yeganə təkrar sığorta şirkətidir.**
A.Əzizov