Rusiya baş nazirinin müavini OlqaQolodets Rusiya və Azərbaycan liderlərinin ikitərəfli münasibətlərdə mühüm rolunu qeyd edib.
“Bu gün bütün dünyada milli və hərbi münaqişələr meydana gəlir. Onlar alimlərin, müətəxəssislərin səylərini, iqtisadi rifahı heçə çıxarır. Bu mənada xalqlar arasında bütün səviyyələrdə əlaqələrin möhkəmləndirilməsi dünya ölkələrinin siyasətçilərinin əsas missiyasıdır. Bununla əlaqədar Azərbaycan və Rusiya prezidentlərinə minnətdarlığımı bildirmək istərdim. Onların müdrikliyi bizə uzunmüddətli siyasət formalaşdırmaq, uğurlu danışıqlar aparmaq və sonunda münaqişələrin nizamlanamsına nail olmağa imkan yaradır”, - deyə O.Qolodets V Bakı Beynəlxalq Humanitar Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Rusiya arasında müxtəlif sahələrdə 90-dan artıq saziş imzalanıb. “Düşünürəm ki, bu əməkdaşlıq davam edəcək. Bu gün də peşəkarlar, mütəxəssislər arasında əməkdaşlıqdan əlavə şəxsi əlaqələrin qurulması bizim üçün vacibdir. Dostlarım arasında Azərbaycandan, Bakıdan çox sayda insanın olmasından qürur quyuram”, - deyə o qeyd edib.
O.Qolodets vurğulayıb ki, hər iki tərəfi mədəni əlaqələr sıx birləşdirir. “Bizim missiyamız gənclərə, gələcək nəsillərə mədəni əlaqələrin ötürülməsindən ibarətdir. Gələcək qarşılıqlı anlaşma və mədəni mübadiləyə məxsusdur”, - deyə o əlavə edib.
Baş nazirin müavini həmçinin Rusiya prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubu oxudu. **
R.Babayev