Polşa şirkətlərinin Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar. Bu barədə Polşa İnkişaf nazirinin müavini Radoslav Domagalski-Labentski bəyan edib.
R.Domagalski-Labentski Azərbaycanın energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərliyi nümayndə heyəti ilə Bakıda görüşdə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Görüşdə R.Domagalski-Labentski qeyd edib ki, iqtisadi münasibətlərin inkişafı baxımından Azərbaycan Polşa üçün vacib ölkədir.
“Polşa həm şirkətlər, həm də hökumətlər səviyyəsində əməkdaşlıq əlaqələrinin dərinləşməsində maraqlıdır. Polşa şirkətlərinin Azərbaycanda investisiya yatırmaqda maraqlı olduğu sahələr və layihələr çoxşaxəlidir. Cari ilin dekabrında keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan Hökumətlərarası Komissiyanın 7-ci iclasına qədər irəli sürülən təkliflər üzrə razılaşmaların əldə olunması vacibdir”, - deyə məlumatda R.Domagalski-Labentskinin sözlərindən sitat gətirilir.
Azərbaycanda qeyri-neft sənayesinin inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan energetika nazirinin müavini G.Cavadov bu istiqamətdə xarici investisiyaların cəlbinin vacibliyini diqqətə çatdirib. Bu baxımdan, Polşa şirkətlərinin fəaliyyəti üçün ölkəmizdə geniş imkanların olduğunu deyərək, əməkdaşlıq təkliflərinin dəyərləndirilməsinin əhəmiyyətini qeyd edib.
Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, Azərbaycanın tranzit potensialının gücləndirilməsi, Xəzər hövzəsində logistik mərkəzlərin yaradılması, dəmir yollarının yenidən qurulması kimi layihələrdə Polşa şirkətlərinin iştirakını mümkün hesab edib.
O həmçinin Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini həyata keçirməklə Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini qeyd edib. **
N.Abbasova