Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2016-cı ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 117,5 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
2016-cı ilin əvvəlindən fondun vəsaitləri hesabına maliyyələşdirilən 1,791 min layihə çərçivəsində 5,6 minə yaxın yeni iş yeri açılacaq.
Sentyabrın 29-də SKMF Bakının Bakıxanov qəsəbəsində sahibkarlığa dövlət dəstəyi məsələlərinə dair tədbir keçirib. İndiyədək Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 1,3 minə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 342,8 mln. manat güzəştli kredit verilib.
“Tədbir çərçivəsində 18 sahibkarlıq subyektinə ümumilikdə 5,3 mln. manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması hesabına 170-dən artıq iş yerinin açılması mümkün olacaq”, - deyə məlumatda bildirilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 59 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln. manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln. manat təşkil edəcək.**
N.Abbasova