Bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi (АМАС) arasında anlaşma memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
"Bu saziş AmCham üzvlərinin bir sıra mübahisələrdə Arbitraj Məhkəməsinin imkanlarından istifadə etməsinə şərait yaradacaq", - deyə Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi İdarə Heyətinin sədri Gündüz Kərimov bildirib.
AmCham-ın direktoru Natəvan Məmmədova isə qeyd edib ki, kommersiya mübahisələrinin alternativ həll imkanları Azərbaycanda investisiya mühitinin yaxşılaşmasına imkan verir.
Bundan başqa, АМАС Rusiya Arbitraj Assosiasiyası ilə anlaşma memorandumu imzalayıb. G.Kərimovun sözlərinə görə, bu saziş azərbaycanlı arbitrlərə Rusiyada mübahisələrin həllində, rusiyalı arbitrlərə isə Azərbaycanda mübahisələrin həllində iştirak etməyə imkan verəcək.
AmCham – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, AmCham öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. Palata 280 üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir.*
A.Əzizov