Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2017-ci il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 400 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin göstəricilərindən 2,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
2017-ci ildə fondun gəlirlərinin strukturunda 1 mlrd. 270 mln. manat (2016-cı illə müqayisədə artım 1,9%) və ya bütün gəlirlərin 37,4%-i dövlət büdcəsindən transfertlərin hesabına formalaşacaq.
Bundan başqa, DSMF-ə icbari dövlət sosial sığorta haqları üzrə daxilolmalar və sair gəlirlər 2 mlrd. 130 mln. manat və ya bütün gəlirlərin 62,6%-i səviyyəsində proqnozlaşdırılır.
DSMF-in 2016-cı il üçün kəsirsiz büdcəsinin gəlir və xərcləri 3 mlrd. 307,36 mln. manat səviyyəsində təsdiq edilib.*
A.Əzizov