Azərbaycanda taksi fəaliyyəti üçün lisenziya tələb olunmur. Bu barədə İqtisadiyyat Nazirliyinin bəyanatında deyilir.
“Son günlər bəzi kütləvi informasiya vasitələrində taksi fəaliyyəti üçün lisenziyanın tələb olunması barədə yanlış məlumatlar yayılır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" Fərmanına və "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, taksi fəaliyyəti üçün lisenziya alınması tələbi ləğv olunub”, - deyə bəyanatda vurğulanır.
Nazirlikdən bildiriblər ki, Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli Qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödənilməsi ilə bağlı Bakı şəhəri üzrə Bakı Nəqliyyat Agentliyindən, ölkənin digər ərazisində isə Nəqliyyat Nazirliyindən "Fərqlənmə nişanı" almalıdırlar. **
A.Əzizov