Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində Alman-Azərbaycan birgə müəssisəsi olan fasad məhsulların istehsalı zavodu fəaliyyətə başlayıb. Bu barədə bu gün jurnalistlərə zavodun baş direktoru Vladimir Zabetskiməlumat verib.
"Müəssisə Azərbaycanın İqtisadiyyat Nazirliyi və Almaniyanın "Deutsche Fassaden Technologien" şirkəti (DFT) tərəfindən yaradılıb. Müəssisədə fasad məhsulları, qapı və pəncərə istehsal edilir. Zavodun illik istehsal gücü 60-80 min kvadratmetrdir", - deyə V.Zabetski qeyd edib.
Onun sözlərinə görə, zavodun yaradılmasına təqribən 70 mln. manat investisiya qoyulub. Hazırda müəssisədə 50 nəfər çalışır, gələcəkdə quraşdırma işlərinin icra edilməsi üçün 150 nəfərin cəlb edilməsi nəzərdə tutulur.
"İlkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə, gələcəkdə isə bu məhsulun qonşu bazarlara, xüsusən Gürcüstan və İrana ixracı nəzərdə tutulur. Məhsul istehsalı üçün xammal və texnologiyalar Almaniyadan gətirilir", - deyə direktor əlavə edib.
İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli qeyd edib ki, tikinti materiallarının istehsalı qeyri-neft sənayesinin prioritet istiqamətlərindəndir. "Deutsche Fassaden Technologien" zavodunun istifadəyə verilməsi yeni iş yerlərinin açılmasına və bu məhsulların idxalının azalmasına kömək edəcək. Ölkədə tikinti məhsullarının istehsalı daxili bazarın tələbatının ödənilməsi baxımından vacibdir”, - deyə o bildirib.
Şöbə müdiri həmçinin deyib ki, bu ilin 8 ayında Gürcüstandan Azərbaycana 15 mln. ABŞ dolları məbləğində 320 min ton sement və klinker idxal edilib, Azərbaycandan Gürcüstana isə 5 mln. ABŞ dolları dəyərində 100 min ton sement ixrac edilib.*
N.Abbasova