Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir.Bu sözləri prezident İlham Əliyev deyib.
«Azərbaycanda bütün dinlərin nümayəndələri ləyaqətlə yaşayırlar. Biz milli mənəvi dəyərlərimizə çox sadiqik. Eyni zamanda, biz müasir, dünyəvi ölkəyik. Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətənidir», - deyə dövlət başçısı oktyabrın 2-də Roma Papası Fransisklə Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələri qarşısında çıxışı zamanı bildirib.
Dövlət başçısı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı məsələsinə də toxunub.
«Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bizim vətəndaşlarımız - bir milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Xalqımıza qarşı Xocalı soyqırımı törədilmişdir ki, bu gün 10 ölkə bu soyqırımını rəsmən tanıyıb», - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib. O missiyaların məruzələri insanı dəhşətə gətirir.
“Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Bizim məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə Bakıdakı erməni kilsəsini bərpa etdik. Ona görə, təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar”, - deyə prezident diqqətə çatdırıb.
İ.Əliyev vurğulayıb ki, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll edilməlidir.*
F.İsazadə