2016-cı ilin may ayında amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəsissələrində cəza çəkən 2,819 min nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib. Bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
«Amnistiya aktının tətbiqi nəticəsində cəzaçəkmə müəsissələrində cəza çəkən 2819 şəxs azadlıqdan məhrumetmə cəzasından azad edilib», - deyə o bildirib.
Baş prokurorun sözlərinə görə, amnistiya aktı ümumilikdə 10079 məhkum olunmuş şəxs barəsində tətbiq edilib, onlardan 9538-i kişi, 541-i qadın, o cümlədən 97-si yetkinlik yaşına çatmayan şəxslər olub.
“Həmçinin amnistiya aktının tətbiq edilməsi nəticəsində cərimə cəzasına məhkum edilmiş 2240 şəxs 2.344.797 manat məbləğində cəriməni ödəməkdən azad olunub”, - deyə məqalədə qeyd olunur.
Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Məclis tərəfindən “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edilib.*
R.Babayev