Azərbaycan və Latviya arasında müxtəlif sahələrdə 8 sənəd imzalanma ərəfəsindədir. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə spiker Oqtay Əsədov bəyan edib.
«İndiyədək ölkələrimiz arasında 34 sənəd imzalanıb, 8 sənəd isə imzalanma ərəfəsindədir”, – deyə O.Əsədov Latviya Respublikası Seyminin sədri İnara Murnietse ilə görüşdə bildirib.
O, Latviya nümayəndə heyətinin bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verəcəyini söyləyib.
Sədr iqtisadiyyat, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib, eyni zamanda, turizm üzrə əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu vurğulayıb.
O.Əsədov İ.Murnietseni Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə də məlumatlandırıb. Bildirilib ki, dünyanın ondan çox ölkəsi, ABŞ-ın iyirmidən çox ştatı bu soyqırımını tanımaqla bağlı sənədlər qəbul ediblər.
Latviya Respublikası Seyminin sədri İ.Murnietse ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün yaxşı potensialın olduğunu söyləyib. O, Latviya qanunverici orqanında Azərbaycanla dostluq qrupunun 28 üzvünün olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan-Latviya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.*
R.Babayev