"Bank Standard" kommersiya bankı Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzvlüyündən çıxarılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
"Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən "Bank Standard"ın lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilib, bununla əlaqədar bank fonda üzv bankların reyestrindən çıxarılıb", - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, "Bank Standard"ın lisenziyasının ləğv edilməsi haqqında qərar banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”ın yeni menecementinin müraciəti əsasında Maliyyə Nazirliyi və Mərkəzi Bankla məsləhətləşməklə qəbul edilib.
Qeyd edək ki, “Bank Standard” kommersiya bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi son dövrlər onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olmuş, bankın likvidlik və kapital mövqeyi zəifləmiş, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranmışdı.
Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mayın 3-dən etibarən ona 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilmişdi.Avqust ayından isə bankda yeni menecment işə başlamışdı.
“Bank Standard” Azərbaycanın aparıcı banklarının beşliyinə daxil olub.*
A.Əzizov