ATƏT oktyabrın 5-də Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirəcək. Bu barədə üdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 5-də Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır”, - deyə məlumatda deyilir.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşik və onun səhra köməkçiləri Xristo Xristov və Piter Şvedberq keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi Almaniya Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan üzrə məsul nümayəndəsi Klaus Keller, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petriça və Saymon Tiller keçirəcəklər.
Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi 1994-cü ilin may ayından qüvvədədir. ATƏT münaqişə tərəflərinin barışıq şərtlərini yerinə yetirməsi haqqında məlumat əldə etmək üçün bu təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin köməyi ilə qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər təşkil edir.**
F.İsazadə