SOCAR şirkəti (ARDNŞ) Bolqarıstanda “Çiren” yealtı qaz anbarının genişləndirilməsi layihəsində iştiraka maraq göstərir. Bu barədə Bolqarıstan Enregetika Nazirliyindən məlumat verilib.
“Hazırda “Çiren” qaz anbarının həcmi 550 mln. kubmetr təşkil edir, genişlənmədən sonra bu göstərici 1 mlrd. kubmetrə çatacaq. SOCAR nümayəndələrinin Bolqarıstan energetika nazirinin müavini Jeçko Stankovla Bakıda keçirilən görüşündə şirkət bu layihədə iştiraka maraq göstərib”, - deyə məlumatda deyilir.
“J.Stankov görüşdə qeyd edib ki, Yunanıstan-Bolqarıstan və Türkiyə-Bolqarıstan interkonnektorları ölkənin enerji təhlükəsizliyinin təminatına zəmindir. Bu iki layihə nəinki Bolqarıstan, həm də Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri üçün “Cənub Qaz Dəhlizi”nə çıxışı təmin edəcək”, - deyə məlumatda vurğulanır.
“Bulgargaz” və SOCAR arasında imzalanan təbii qaz tədarükünə dair müqaviləyə əsasən, 2020-ci ildən etibarən Bolqarıstan “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” çərçivəsində illik 1 mlrd. kubmetr təbii qaz əldə edəcək”, - deyə məlumatda deyilir. **
N.Abbasova