Noyabrın sonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi ilə əməkdaşlığa dair saziş imzalamağı planlaşdırır. Bu barədə RYTN-dən məlumat verilib.
“29 noyabr-2 dekabr tarixlərində “BakuTel-2016” sərgi-konfransı keçiriləcək. Tədbir çərçivəsində “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Saziş”in imzalanması nəzərdə tutulur”, - deyə məlumatda deyilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sərgi-konfransın Tədbirlər Planı təsdiq olunub.
Plana əsasən, “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Sinqapurun Rabitə və İnformasiya Nazirliyi arasında e-hökumət sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulub.
“Bundan başqa, Regional Rabitə Birliyinin informasiya cəmiyyətinin inkişafı üzrə yüksək səviyyəli işçi qrupunun 4-cü iclası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İKT-nin inkişafı üzrə işçi qrupunun ilk iclası və Nazirlər Toplantısı, ikinci Azərbaycan-Böyük Britaniya Yüksək Texnologiyalar Forumu, İnternet İdarəçiliyi üzrə dördüncü Regional Forumun keçirilməsi də “Bakutel-2016”nın iş planına daxildir”, - deyə məlumatda vurğulanır.
Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmsamlaşdırlması” layihələrinin təqdimatı keçiriləcək. **
N.Abbasova