Noyabrın 2-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurulması və modernizasiyası layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan Bitum qurğusunun Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmələr keçiriləcək. Bu barədə SOCAR-dan məlumat verilib.
Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi, həmçinin layihə çərçivəsində tikiləcək Bitum qurğusunun inşası və istismarı dövründə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, hər bir fəaliyyət aspekti üzrə kumulyativ təsirlər, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də monitorinq barədə iştirakçılara ətraflı məlumat verəcəklər.
İctimai dinləmədə səslənən bütün rəy və təkliflər yekun ƏMTQ sənədində nəzərə alınacaq. **
N.Abbasova