BMT İnkişaf Proqramı (UNDP) Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiqini təqdir edir. Bu barədə UNDP-nın Bakı nümayəndəliyindən məlumat verilib.
“Milli Strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ümumiyyətlə ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində UNDP və hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. UNDP bioloji müxtəliflik və eko-sistemin idarə edilməsində Qlobal Ekologiya Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam edəcək”, - deyə məlumatda UNDP-nın rezident-nümayəndəsi Qulam İshaqzainin sözlərindən sitat gətirilir.
Onun sözlərinə görə, Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planının həyata keçirilməsindən bəri Azərbaycanda qorunan ərazilərin sahəsi 5%-dən 11,3%-ə, meşə örtüyü sahəsi isə 11,4%-dən 12,1%-ə qədər artıb.
“ Ölkədə artıq səkkiz milli park təsis olunub və hazırda iki milli park da yaradılmaqdadır”, - deyə o qeyd edib. **
F.İsazadə