Hüquq-mühafizə orqanları çərşənbə axşamı Bakıda törədilən qətlin üstünü “isti izlər”lə açıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu rəsmi məlumat yayıb.
“Okyabrın 4-də saat 19 radələrində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Məcidovun yaşadığı qəsəbədəki icarəyə götürdüyü mağazada odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb”, - deyə məlumatda deyilir.
“Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin qəsəbə sakini Rauf Cəbrayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. R.Cəbrayılov cinayətin aləti olan tüfəngi könüllü olaraq istintaqa təhvil verib”, - deyə məlumatda vurğulanır. **
R.Babayev