Bakı Kabilə bir neçə milyonluq yardım haqqında sazişin icrasına başlayıb. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Bu yaxınlarda prezidentİlham Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiq edib. Onun həyata keçirilməsinə artıq başlanılıb”, - deyə E.MəmmədyarovBrüsseldə keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının Əfqanıstan üzrə konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycan Əfqanıstanı problemlərin həllində dəstəkləyən ilk ölkələrədn biridir.
“Biz bunu daha çox ikitərəfli əsasda, daimi danışıqlar və Əfqanıstan hökumət rəsmiləri ilə görüşlər vasitəsilə, həmçinin NATO da daxil olmaqla, digər beynəlxalq platformalar çərçivəsində həyata keçiririk”, - deyə nazir qeyd edib.
E.Məmmədyarov vurğulayıb ki, Bakı ərazilərin minalardan təmizlənməsi, təhsil də daxil olmaqla, əfqan təhlükəsizlik qüvvələri və dövlət qulluqçuları və digər fəaliyyət sahələri üçün əsaslı təlimlərin keçirilməsini davam etdirir.
Nazir qeyd edib ki, Azərbaycanın hərbi birləşmələri Qətiyyətli Dəstək Missiyasında xidmət edir, o cümlədən NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstərir.
“Mənim ölkəm Əfqanıstanda beynəlxalq əməliyyatların həyata keçirilməsi üçün əsas tranzit yoludur və bəzi hallarda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün bütöv tranzit yollarının30%-i Azərbaycandan keçib”, - deyə nazir bildirib.
E.Məmmədyarovun sözlərinə görə, Azərbaycan həmişə təhlükəsizliyə dair səylərin iqtisadi inkişafla gücləndirilməsini dəstəkləyib.
“Qədim İpək Yolunun canlandırılması əminliklə bunu həyata keçirə bilər. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı yaxınlığında yeni beynəlxalq dəniz limanı ilə birləşən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamaq üzrədir və Mərkəzi Asiya ölkələrinin buraya cəlb olunması Əfqanıstanı Uzaq Şərq və Şimali Avropa arasında tranzit yolun mərkəzinə çevirəcək”, - deyə nazir bəyan edib.
“25 ildir həll olunmamış münaqişədən ciddi əziyyət çəkən ölkə kimi, Azərbaycan Əfqanıstanın problemlərini yaxından başa düşür. Biz hamımız Əfqanıstana göstərdiyi səylərdə və problemlərinin həll olunmasında tam dəstək olmalıyıq”, - deyə E.Məmmədyarov bildirib. **
F.İsazadə