Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrəMilli Əlaqələndirmə Şurasının yaradılması haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov Şuranın sədri, iqtisadiyyat naziri Şahin Mustafayev Şuranın sədr müavini təyin ediliblər.
Fərmana əsasən, Şuranın üzvlüyünə daxildir: Tahir Budaqov – Dövlət Statistika Komitəsinin sədri, Hicran Hüseynova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri,
Vaqif Əliyev – mədəniyyət və turizmnazirinin birinci müavini, Mahmud Məmməd-Quliyev –xarici işlər nazirinin müavini, Elsevər Ağayev – səhiyyə nazirinin müavini, İdris İsayev – əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Ceyhun Bayramov – təhsil nazirinin müavini,
Rauf Hacıyev – ekologiya və təbii sərvətlər nazirinin müavini, İntiqam Babayev – gənclər və idman nazirinin müavini, Seyfəddin Talıbov – kənd təsərrüfatı nazirinin müavini, Toğrul Musayev – ədliyyə nazirinin müavini, Fuad Hüseynov – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Şuranın fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyinin yaradılıb. Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.
Maliyyə Nazirliyinə İqtisadiyyat Nazirliyinin təklifləri əsasında bu fərmana əsasən yaradılan Katibliyin fəaliyyətinin təşkili ilə bağlı xərclərin maliyyələşməsini təmin etmək tapşırılıb. **
R.Babayev