Azərbaycan bir neçə ölkə ilə miqrasiya və readmissiya haqqında ikitərəfli sazişlər imzalayacaq. Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.
«Miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb.Belə ki, miqrasiya sahəsində əməkdaşlığa dair Türkiyə, Moldova, Qazaxıstan, Qırğızıstan, Ukrayna və Belarusla ikitərəfli sazişlər mövcuddur», - deyə o bildirib.
Xidmət rəisinin sözlərinə görə, hazırda bir neçə ölkə ilə də belə sazişlərin imzalanması gözlənilir.
“Azərbaycan Avropa İttifaqı və Norveç ilə imzaladığı readmissiya sazişləri çərçivəsində qanunsuz vəziyyətdə olan miqrantların geri qaytarılmasını həyata keçirməklə, onların insan hüquqlarının müdafiəsini də təmin edir. Bir sıra digər ölkələrlə də belə sazişlərin imzalanması istiqamətində işlər davam etdirilir”, - deyə F.Nəbiyev əlavə edib.*
R.Babayev