Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılova barəsində Cinayət Məcəlləsinin 192-ci maddəsinin (Qanunsuz sahibkarlıq) ləğv olunması ilə bağlı apellyasiya şikayətini təmin etməyib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə jurnalistin vəkili Fariz Namazlı məlumat verib.
“Bakı Apellyasiya Məhkəməsi X.İsmayılova barəsində 192-ci maddənin ləğv olunması ilə bağlı şikayətimizi təmin etməyib. Biz məhkəmə qərarından kassasiya şikayəti verəcəyik”, - deyə o bildirib.
Bu ilin may ayında Cinayət Məcəlləsinin 192-ci maddəsində edilən dəyişikliklərə əsasən 192.1-ci maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.
Əvvəllər qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.
Dəyişikliklər 1 iyun 2016-cı il tarixindən qüvvəyə minib.
Bakı Ağır Cinayətlər Məhkəməsi sentyabrın 1-də jurnalist X.İsmayılovanın 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Noyabr ayında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Bununla yanaşı, ona ittiham olunduğu 125-ci maddə (özünü öldürmə həddinə çatdırma) üzrə bəraət verilib.*
F.İsazadə