Prezident İlham Əliyev ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmaması ilə bağlı verdiyi bəyanatı Ermənistanın işğalçı siyasətinə dəstək kimi qiymətləndirir .
“Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək sadəcə olaraq Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir”, - deyə dövlət başçısı oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Onun sözlərinə görə, bu, təəccüb doğuran bir bəyanatdır.
«Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır. Biz belə bəyanatları qəbul etmirik. Hesab edirik ki, tezliklə bu ifadələrə ən yüksək səviyyədə düzəliş edilməlidir. Əks təqdirdə, burada vasitəçilik missiyası şübhə altına düşə bilər», - deyə prezident vurğulayıb.
İ.Əliyev Azərbaycan Ordusunun təmas xəttində tam üstünlük əldə etdiyini diqqətə çatdırıb.
Dövlət başçısı əlavə edib ki, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar.
«Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur”, - deyə İ.Əliyev vurğulayıb.*
R.Babayev